Siyasət

ABŞ Rusiyanı Tiflisdən “atəşə tutur” – Azərbaycan və Ermənistan XİN rəhbərləri niyə anlaşa bilmədi?

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında Tiflisdə keçirilən ikitərəfli görüş bir ilk olsa da, istənilən nəticəni vermədi.

Görüşün 3 saat davam etməsi tərəflərin müxtəlif məsələləri hərtərəfli şəkildə müzakirə edilməsinə işarədir. Nazirlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı bir sıra məsələlərə toxunub, bununla bağlı hər iki tərəf götürdükləri öhdəliklərin icrasını müzakirə edib, gələcək mümkün addımlar barədə fikir mübadiləsi aparıblar. Bununla belə, danışıqların birinci raundunun konkret nəticə vermədiyini demək olar.

Bütün hallarda Tiflisdə keçirilən görüş bir ilk idi və danışıqların ilk raundunda konkret nəticələrin əldə olunmaması heç də təəccüblü deyil.

Tərəflərin açıqlamaları

Görüş sonrası rəsmi Bakı və İrəvanın açıqlamaları diqqət çəkir. Sevindirici hal odur ki, hər iki tərəf münasibətlərin normallaşmasını istəyir, götürdükləri öhdəliklərin icrasının tərəfdarıdır və hər iki tərəf bu formatda dialoqun davam etdirilməsinə razılaşıblar. Bununla belə, tərəflər arasında kifayət qədər fikir ayrılığı da mövcuddur. Misal üçün, Azərbaycanın hazırda əsas tələbləri bunlardır:

  1. Erməni silahlı birləşmələri Azərbaycan ərazisindən çıxarılmalıdır,
  2. Ermənistan status istəyinə son qoymalıdır,
  3. Ermənistan Zəngəzur dəhlizinə mane olmamalı və dəhlizin ərazisindən keçən hissəsində işlərə başlamalıdır,
  4. Rəsmi İrəvan ATƏT-in Minsk Qrupunun bərpası səylərinə son qoymalıdır,
  5. Delimitasiya və Demarkasiya prosesi sürətləndirilməlidir.

Rəsmi Bakı bu və digər məsələlərin növbəti 27 il ərzində deyil, ən qısa zamanda həllini istəyir. İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə Dövlət başçısısının nitqi əsnasında toxunduğu məqamlar da bunu təsdiqləyir.

Bayramov və Mirzoyan növbəti dəfə harda görüşəcək?

Tiflisdə keçirilən Bayramov-Mirzoyan görüşü ilk olsa da, tərəflər arasında həllini gözləyən məsələlərin aktuallığı, rəsmi Bakının səbir kasasının daşması tərəflər arasında növbəti görüşü aktual edir.

Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili “Pirveli arxi” kanalına açıqlamasında “Biz gələcək görüşlərin vaxtı barədə danışmadıq” deyib. Bu mənfi bir haldır, çünki həllini gözləyən məsələlərin həlli üçün növbəti görüşün ən qısa zamanda keçirilməsi vacibdir. Yəni proses 27 illik mənasız danışıqlar konteksində keçməməlidir. Digər tərəfdən, rəsmi Bakının sərgilədiyi mövqe bunun belə olmayacağından da xəbər verir.

Bununla belə, Darçiaşvili “istənilən formatda danışıqlar üçün Gürcüstana gəlmək zərurəti yaranarsa, biz qəbul etməyə və dəstəkləməyə hazırıq” deyib. Yəni növbəti görüşün zamanı bəlli olmasa da keçirilmə yeri yenidən Tiflis ola bilər.

Üzdə Tiflis, pərdəarxasında Vaşinqton var!

Darçiaşvili “Azərbaycan və Ermənistanın Gürcüstana etibar etməsi” ifadəsini işlətsə də  aydın məslədir ki, Tiflisdə keçirlən ikitərəfli görüşün pərdəarxasında ABŞ dayanır. Təsadüfi deyil ki, ABŞ Dövlət katibi Entoni Blinken görüşdən sonra “Tvitter” hesabında paylaşım edərək “Ceyhun Bayramov və Ararat Mirzoyan Tiflisdə görüşərək müsbət addım atdılar”, yazıb. Bundan başqa, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında baş tutan telefon danışığı da Vaşinqtonun prosesin pərdəaraxındakı ölkə olduğunu göstərir.

Aydın məsələdir ki, Vaşinqton Ermənistanla Azərbaycanı danışıqlar masasından uzlaşdırıb Kremli üstələmək istəyir. Vaşinqton buna nail ola bilsə, Baltikyanı ölkələr və Şərqi Avropada olduğu kimi Cənubi Qafqazdan da Rusiyanı çıxara biləcək. Kreml mövcud Rusiya-Ukrayna müharibəsi fonunda “Kremlin arxabaxçası” adlandırdığı bütün regionlardan çıxarmağı hədəfləyir. ABŞ-ın bunu bacarıb-bacarmayacağını zaman göstərsə də, indiki məqamda Bakı üçün prosesin kim tərəfindən, ya da hansı ölkənin vasitəçiliyi ilə həll edilməsinin elə də əhəmiyyəti yoxdur. Rəsmi Bakı prosesin beynəlxalq hüquq və sülh yolu ilə ən qısa zamanda həllini istəyir.

Turan Rzayev

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button