son xəbər

Səfər Əbiyevə zindanın qapısı göründü

Səfər Əbiyevə zindanın qapısı göründüSabiq müdafiə nazirinin müavinini həbsə aparan səbəblər…; Müdafiə nazirinin keçmiş müavini Mehman Səlimov mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilir; həbslərin birdən-birə 15 il əvvəl ordudan istefaya göndərilmiş polkovnikə uzanması aysberqin ancaq görünən tərəfi ola bilər; eks-nazir indi nə deyəcək?

Azərbaycan müdafiə nazirinin keçmiş müavini Mehman Səlimov həbs edilib. M.Səlimov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya faktı təsdiqləyib.

Özəl mənbələrimizin xəbərinə görə, M.Səlimov ətrafında istintaq hərəkətləri bir müddətdir ki, başlayıbmış və onun ölkədən çıxmasına qadağa qoyulubmuş.

Amma həbsi gözlənilməz olub. Onun kimin ifadəsi və hansı konkret yeyinti əməllərinə görə həbs edildiyi barədə hələ ki dəqiq bilgi yoxdur. Amma o fakt dəqiqdir ki, M.Səlimov sabiq müdafiə naziri Səfər Əbiyevin ən yaxın çevrəsinə daxil olan hərbçilərdən biridir.
Məlum olduğu kimi, Zakir Həsənov ötən ilin oktyabrında müdafiə naziri postuna təyin olunduqdan sonra Hərbi Prokurorluq və Maliyyə Nazirliyinin iştirakı ilə sabiq müdafiə naziri Səfər Əbiyevin son 15 illik fəaliyyətini yoxlatmağa başlamışdı.

Həbslər seriyası Hərbi Dəniz Qüvvələrinin (HDQ) ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşevlə başladı, az sonra HDQ-də nüfuz sahibi olan, arxa cəbhə təminatı xidmətinin rəisi, polkovnik-leytenant Seyfi Hüseynov və sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın adamı, “kod 555\” adı ilə tanınan ehtiyatda olan miçman Elxan Hacıyev həbs olundu. Nəhayət, HDQ komandanı Şahin Sultanov da vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq həbsə alındı. Bundan başqa, S.Əbiyevə yaxın daha bir neçə vəzifəli şəxs hazırda istintaqa cəlb edilib.

Məlumata görə, əslən Gürcüstandan olan M.Səlimov sovet ordusunda xidmət keçmiş peşəkar zabitlərdən olub və 1994-1999-cu illərdə nazir müavini kimi xidmət edib.

Onun ordudan tərxis olunmasının maraqlı tarixçəsi var. Belə ki, o, 1999-cu ildə “Hürriyyət” qəzetində “Nəcməddin Sadıqov müdafiə naziri olmaq istəyir” başlıqlı yazıya görə ordu sıralarından tərxis edilib. M.Səlimov sabiq müdafiə naziri Səfər Əbiyevin ən yaxın kadrlarından biri olub. Eyni zamanda M.Səlimovun MN-in İnspeksiya İdarəsinin keçmiş rəisi general-mayor Məmməd Beydullayevlə də çox sıcaq münasibətləri olduğu deyilir. 3 il bundan əvvəl məhz Beydullayevin köməyi ilə ona keçmiş nazir müavini kimi hərbi təqaüd də düzəldilibmiş. Yeri gəlmişkən, M.Səlimov sovet dövründə Ermənistanın Gümrü hərbi birləşməsində zabit kimi xidmət edib.

Nəcməddin Sadıqovla S.Əbiyevin münaqişədə olmasına görə M.Səlimov vəzifəsini itirsə də, sabiq nazirlə əlaqələri heç vaxt nöqtələnməyib. Belə məlumatlar var ki, məhz Əbiyevin dəstəyi ilə M.Səlimov geniş biznes əlaqəsi qurmağa nail olub, hətta sabiq nazirlə də şərikli biznesi olduğu iddialar sırasındadır.

M.Səlimovun qardaşının hazırda Sabunçu Rayon İcra Hakimiyyətində şöbə müdiri olduğu bildirilir.

Maraqlıdır ki, S.Əbiyev müdafiə naziri postundan çıxarıldıqdan sonra M.Səlimov müəmmalı şəkildə fəallaşmışdı. O, keçmiş nazir və iddialara inansaq, biznes şəriki S.Əbiyevin vəzifədən çıxarılmasına “bu məsələni müzakirə etməyin mənası yoxdur, prezident bu qərarı veribsə, deməli, belə məsləhətdir” deyərək münasibət bildirmişdi.

Z.Həsənovun nazir təyin edilməsinə də M.Səlimov maraqlı münasibət bildirmişdi. Məsələn, müsahibələrinin birində M.Səlimov deyib ki, əgər Z.Həsənov indiki kimi kadr islahatlarını sonadək apara və bir neçə əsas adamı da oradan uzaqlaşdıra bilsə, o zaman orduda yüksək nizam-intizam yarada biləcək. “Amma hazırda Müdafiə Nazirliyində bəzi adamlar var ki, Zakir Həsənovun işinə əngəl törədə bilər. Zakir Həsənovun ətrafında, ona əngəl yara bilən adamlar var. İlk növbədə həmin adamlar da kənarlaşdırılmalıdır.

Ötən ilin oktyabrında keçirilən prezident seçkilərindən sonra nazir vəzifəsini itirən S.Əbiyevin həbs ediləcəyi barədə xəbərlər zaman-zaman aktual olub. Uzun müddət mətbuatda S.Əbiyevə hansısa vəzifə veriləcəyi barədə yayılan xəbərlər təsdiqlənmədi və o, bu ilin mart ayında 7 generalla bərabər ordu sıralarından tərxis edildi. S.Əbiyev bir neçə dəfə mətbuata onun nazir olduğu dövrdə orduda korrupsiya faktları olması barədə danışıb. Sabiq nazir deyib ki, ona qarşı kampaniyanın hansı mərkəzdən idarə olunduğunu və onların kimliyini bilir. S.Əbiyevin sözlərinə görə, konkret güclərin yaydığı bu informasiyalar qətiyyən həqiqəti əks etdirmir: “Mən bütün həyatım boyu öz dövlətimə və xalqıma sadiq olmuşam. Ömrümün sonunadək də öz dövlətimə münasibətim dəyişməz olaraq qalacaq. Haqqımda yayılan yalan informasiyaların arxasında kimin dayandığını yaxşı bilirəm. Onların məqsədi mənimlə ölkə rəhbərliyi arasında sədd yaratmaqdır. Belə mənasız işlərlə məşğul olmaq lazım deyil, ən azı ona görə ki, onların bütün cəhdləri boşa çıxacaq”.

Amma fakt faktlığında qalır ki, S.Əbiyevin yaxın çevrəsinin həbsi 1 ildən çoxdur davam edir, hələ istintaq altında olan xeyli hərbçi də var. Virtualaz.org xəbər verir ki, həbslərin birdən-birə 15 il əvvəl ordudan istefaya göndərilmiş polkovnikə uzanması aysberqin ancaq görünən tərəfi ola bilər. “İstisna deyil ki, bu həbs Səfər Əbiyevin ətrafında həlqəni getdikcə daraltmağa hesablanıb” deyə, sayt bildirir. Səfər Əbiyevə zindanın qapısı göründü

Bəzi KİV-lər eks-nazirin ölkəni artıq tərk etdiyini iddia edirlər. S.Əbiyev isə israrla deyir ki, Bakıdan kənara çıxmayıb. Maraqlıdır, sabiq nazir bu dəfə haradadır və indi nə deyəcək?
Şamxal Dadaşzadə

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists