son xəbər

Yandırılan məscidin axundundan ilginc bəyanat

Yandırılan məscidin axundundan ilginc bəyanat\”Din dövlətdən ayrıdır, bizim öz qanunlarımız var, jurnalistlər dinin düşmənlərdir\”

Noyabrın 26-da naməlum şəxslər tərəfindən yandırılan Qaraçuxur qəsəbə məscidinin qapısı qısa müddətdən sonra yenidən dindarların üzünə açılıb. Hadisə yerində olan əməkdaşımız ibadətgahda təmir işlərinin getdiyinin və dindarların ibadət etdiyinin şahidi olub.
Dindarlarla söhbətdən öyrəndik ki, yanğın nəticəsində məscid yararsız vəziyyətə düşüb. Pəncərələrin şüşələri sınıb, xalçalar tamamilə yanıb. \”Məscidin nəzarət kamerası var. İlkin araşdırmalara görə, məsçidin arxa pəncərəsi sındırılaraq içəriyə \”molotov kokteyli\” atılıb. Partlayış nəticəsində digər pəncərələr də sınıb, yanğın baş verib. Yana biləcək əşyalar yanıb sıradan çıxıb. Məscidin xalçası yanıb, divarları his basıb. Eləcə də kondisionerlərə və isitmə sisteminə zərər dəyib.
Artıq dünəndən ibadətgahda namaz qılırıq. Namazdan öncə bizə bildirdilər ki, cinayətkarlar məscidin nəzarət kameralarına düşüblər. Buna əsasən polis araşdırmaya başlayıb. Bizi narahat olmamağa çağırdılar\”, – deyə dindar Əli Məhərrəmov bildirdi.
Onun ibadət yoldaşı Nadir Qocayevin sözlərinə görə, son zamanlar məsciddə Qəzzanın bombalanması və insanların məscidə buraxılmaması ilə bağlı İsrailə qarşı fikirlər söylənilib: \”Məscidin yandırılmasını bununla əlaqələndirən şəxslər də var. Mən şiə camaatı ilə namaz qılıram. İbadətgahda başqa təriqətlərdən olan şəxslər də var. Son zamanlar burada vəhhabilərin sayı çoxalıb. Ola bilsin ki, kimlərsə bundan narahat olub. Söz-söhbət gəzir ki, bu hadisədən sonra məscidin bağlanması da gündəmə gəlib. Bir müddət Allahın evi hər kəsin üzünə bağlandı. Hüquq-mühafizə orqanları məscidi nəzarətə götürdü. İbadətgahın qapısının günlərlə bağlı olması həm şiə, həm sünni, həm də vəhhabiləri narahat etdi. Narazılıqlar aidiyyatı orqanlara çatdırıldı\”.
Məsciddə söhbət etdiyimiz dindarlar bildirdilər ki, onlar ibadətgahın yandırılmasını hər hansı bir təriqətlə əlaqələndirmək istəmirlər. Buna səbəb kimi təriqətlər arasında bu günə qədər mübahisələrin və münaqişələrin olmadığını göstərirlər.
Onu da öyrəndik ki, məscidə məxsus \”cüme.az\” saytı da dağıdılıb. Sayta daxil olmaq istəyərkən internet səhifəsinin işləmədiyinin şahidi olduq.
Reportaj hazırladığımız zaman məscidin axundu Mirfəttah Fətaliyev əməkdaşımızın üzərinə yeriyərək dedi: \”Çıx burdan. Mən səni burdan qovuram. Sənə kim icazə verib ki, burda çəkiliş aparırsan?\”
Özümüzü təqdim edib, çəkilişimizin hadisə ilə bağlı olduğunu bildirərək, \”Kütləvi İnformasiya Vasitələri haqqında\” Qanunu xatırlatdım.
Axund isə jurnalistə təzyiq göstərərək onu məsciddən uzaqlaşdırmağa cəhd göstərdi. Sonra dindarlara əmr etdi ki, məni onun otağına aparsınlar. Dindarlar qoluma girərək məni otağa apardılar.
Axund üzünü mənə tutub dedi: \”Sən mənə nə qanundan danışırsan! Din dövlətdən ayrıdır, bizim öz qaydalarımız, qanunlarımız var. Məni əsəbiləşdirirsən. Məni özümdən çıxarırsan. Mən münasibət bildirmirəm. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən münasibət öyrənə bilərsiniz. Mənim danışmağa haqqım yoxdur! Sən mənim işimə mane olursan. Mənə tapşırıblar ki, jurnalistləri bura qoymayım, ictimaiyyət üçün çəkiliş aparılmasın. Hadisəni kim törədibsə, bunun sən jurnalistə dəxli yoxdur. Jurnalistlər dinin düşmənidirlər\”.
Axund Mirfəttah Fətaliyev əməkdaşımızdan kamerasının yaddaşında olan məlumatların silinməsini tələb edib. Buna etiraz edəndə o məscidə polis çağırdı. Polisə əmr vermək ixtiyarında olan şəxs kimi davranan Mirfəttah Fətaliyev jurnalistin cəzalandırılmasını tələb etdi.
Asayiş keşikçiləri jurnalist vəsiqəsində olan məlumatları qeyd edib, bizi ərazidən uzaqlaşdırdılar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, hadisə baş verən gündən məsələ qurumun diqqətindədir. Hadisə günü sədr müavininin rəhbərliyi altında komitənin nümayəndələri hadisə yerində olublar. Komitə məsələ ilə bağlı araşdırmanın nəticələrini gözləməyi tövsiyə edir.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi məlumatda bildirilir ki, ümumi ərazisi 300 kv. olan məsciddə 5 kv.m-lik xalça və palaz yanıb. Yanğın qısa vaxt ərzində söndürülüb. Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən məscid 1996-cı ildə tikilib. Məscidin ərazisində eyni vaxtda 1000 nəfər ibadət edə bilər.
Qeyd edək ki, yanğın faktı ilə bağlı Suraxanı rayon Polis İdarəsində CM-nin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə iş açılıb.(bizimyol.info)
Ramid İBRAHİMOV

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button