son xəbər

Londonda kəlbəcərli girovlara azadlıq tələb olundu

Londonda kəlbəcərli girovlara azadlıq tələb olundu
Ermənistan səfirliyi önündə Dilqəm və Şahbaz çağırışları səsləndi…
Böyük Britaniyadakı Ermənistan səfirliyi qarşısında Dağlıq Qarabağda saxlanılmış azərbaycanlı girovların azad edilməsi tələbi ilə aksiya keçirilib. Məlumata görə, aksiya Londondakı azərbaycanlı tələbə təşkilatlarının təşəbbüsü və Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə həyata keçirilib.

Nümayiş iştirakçıları ötən il Dağlıq Qarabağda erməni qüvvələri tərəfindən saxlanılmış biri Rusiya vətəndaşı olan azərbaycanlılar – Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsini tələb ediblər. Ermənistan səfirliyi etiraz aksiyasına münasibət bildirməkdən imtina edib.
Xatırladaq ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev ötən il Dağlıq Qarabağda erməni qüvvələrin nəzarəti altında olan Kəlbəcər rayonunda valideynlərinin qəbrini ziyarət edərkən saxlanılıb. Bu zaman soydaşlarımızla birgə olan Həsən Həsənov qətlə yetirilib. Dilqəm Əsgərov və Şahbaz Quliyev isə iki ermənini öldürməkdə, bir nəfəri yaralamaqda, “sərhədi diversiya məqsədilə” keçməkdə ittiham olunublar. Qondarma rejimin saxta məhkəməsi əsasında Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 illik həbs cəzası kəsilib.

Onu da qeyd edək ki, Dilqəm Əsgərov Rusiya vətəndaşı, Şahbaz Quliyevin həyat yoldaşı isə rusdur. Girovlarımızın azad edilməsi və ya dəyişdirilməsinin vacibliyi barədə indiyədək Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibinin müavini Viktoriya Nuland, ardınca Dövlət Departamentinin digər rəsmisi bir neçə dəfə erməni tərəfinə çağırış ediblər. Lakin bu çağırışların hamısı hələ ki, eşidilməz qalır.

Bu arada isə ABŞ-ın ATƏT-dəki səfiri Daniel Baer Azərbaycan və Ermənistan rəhbərliyinə müraciət edib. Vyanada ATƏT-in daimi şurasında iştirak edən səfir münaqişə tərəflərini Qarabağ konflikti zamanı girov və itkin düşmüş şəxslərlə bağlı informasiya mübadiləsinə səsləyib.

“ABŞ Azərbaycan və Ermənistan prezidentlərinin Paris sammitində Qırmızı Xaç Komitəsinin himayəsi altında girov və itkin düşmüş şəxslərlə bağlı informasiya mübadiləsi barədə götürdüyü öhdəliklərini alqışlayır. Tərəfləri bu mübadilə üçün konkret addımlar atmağa və ATƏT-in Minsk qrupunun etimad yaratmaq üçün təklif etdiyi səyləri dəstəkləməyə çağırırıq”, – deyə səfir qeyd edib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button