son xəbər

Müsavat başqanının müavininə hökm oxundu – 6 il yarım…

Müsavat başqanının müavininə hökm oxundu - 6 il yarım...
Fərəc Kərimli son söz deməkdən imtina etdi; Müsavat rəhbərliyi qərara sərt reaksiya verdi

Fərəc Kərimli: “Qanunları ayaq altına atan məhkəmədə son söz demək sifariş verənlər üçün şərəf olar”

Müsavat başqanı Arif Hacılı: “Məhkəmədən ədalətli qərar gözləmirdik”

Mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat başqanının həbsdəki müavini Fərəc Kərimlinin son məhkəmə prosesi keçirildi. Prosesdə Müsavat başqanı Arif Hacılı və partiya fəalları, eləcə də, mətbuat nümayəndələri iştirak edirdilər.

Məhkəmə prosesindən öncə Fərəc Kərimli jurnalistlərin suallarını cavablandırdı: “Həbsimin ilk günlərindən bu işin qondarma sifariş olduğu aydındır. Yəqin ki, bu gün sifarişli hökm oxunacaq. Məhkəmədəki ifadəmdən sonra ciddi təzyiqlər başlayıb. Məhbus qardaşım Sirac Kərimli ilə kameramızı dəyişdilər. 28 apreldən sonra ümumiyyətlə, qəzet verilmir. Qırmızı Xaç Komitəsinin nümayəndələrinin təcridxanaya gəlişindən sonra görüşə icazə verdilər. Amma şüşə arxasında… Görüşdən imtina etdim. Hazırda təkadamlıq kamerada saxlanılıram. Saxlanma şəraiti normaldır”.

Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçən məhkəmə prosesi müdafiə tərəfinin vəkili Nemət Kərimlinin çıxışı ilə başladı. Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin siyasi fəaliyyətinə görə həbs olunduğunu qeyd etdi: “Təqsirləndirilən şəxs özünü heç zaman təqsirli bilmədi. O, həbs olunarkən Müsavat Partiyasının üzvü, musavat.org saytının admini idi. Hazırda başqan müavinidir. 23 iyul 2014-cü il tarixində anasını xəstəxanaya apararkən həbs edilib. Ertəsi gün DİN-nin rəsmisi Orxan Mansurzadə mətbuata verdiyi informasiyada onun narkotik maddələrin istifadəçisi olduğuna, satışını təşkil etdiyinə görə məsuliyyətə cəlb olunduğunu bildirib. İki gün Fərəc Kərimli ilə əlaqə saxlamaq mümkün olmayıb. Atası Raqif Kərimli Baş Prokurorluğa müraciət etdi. Vəkil kimi müqavilə bağlasam da, istintaqın qanunsuzluğuna görə görüşə bilmədim. Yalnız avqustun 1-də görüşə bilmişəm. Onunla bağlı Avropa Məhkəməsinə göndərdiyimiz iş artıq icraata götürülüb. Ötən ilin 21 oktyabr və 20 dekabr tarixlərində həbs müddəti qanunsuz olaraq, uzadıldı. Fərəc Kərimli vicdan məhbusudur. O, “Saxarov” mükafatına layiq görülüb.

Prokuror qeyd etdi ki, onun cinayəti tam sübuta yetirilib, ittiham hökmü çıxarılmalıdır. Bunlar tam absurd fikirlərdir. Fərəc Kərimli sərbəst ifadəsində, təzyiq altında verdiyi bütün ifadələrindən imtina edib. Mülkü şəxslər onu həbs edərkən özlərini belə, təqdim etməyiblər. Hüquqlarını müdafiə etdiyim şəxs protokola fiziki təzyiqlər altında qol çəkib.

İstintaq materiallarında kifayət qədər, əsas da Fərəc Kərimlinin həbs edildiyi vaxt ilə bağlı ziddiyyətli məqamlar var. Onun saat 11:25-də həbs olunduğu deyilir. Amma iş materiallarında 11:00 yazılıb. Dövlət vəkilinin saat 11:00-da qol çəkdiyi göstərilir. Belə çıxır ki, vəkil indiki zamandan keçmişə səyahət edib. Təqsirləndirilən şəxsin dəmir barmaqlıqlar arxasından çıxarılması, hal şahidlərinin çarpaz dindirmələri ilə bağlı vəsatətlərimiz təmin olunmadı. Ümumiyyətlə, 8 vəsatət verdik, hamısı rədd edildi.

Hal şahidlərinin ifadələri nöqtəsinə, vergülünə qədər eynidir. İfadələr o zaman üst-üstə düşür ki, ya əzbərlənir, ya da hazır sənədə qol çəkilir. Hesab edirik ki, bunlar sübutlar siyahısından çıxarılmalıdır. Bütün bu faktlardan sonra Fərəc Kərimli barəsində bəraət hökmünün çıxarılmasını xahiş edirik”.

Daha sonra hakim Fərəc Kərimlidən son söz deməsini istədi. Təqsirləndirilən şəxs son söz deməkdən imtina etdi: “İfadələrimdə göstərmişəm ki, həbsim siyasi sifarişdir. Və Müsavatda olan fəaliyyətim və avtoritar rejimə qarşı mübarizə aparmağımla birbaşa bağlıdır. Həbs olunduğum müddətdə mənə qarşı göstərilən qərəzli münasibət hər şeyin sübutudur. Qanunları ayaq altına atan məhkəmədə son söz demək sifariş verənlər üçün şərəf olar. Son sözümdən imtina edirəm. Məhkəmə heyətinə bildirmək istəyirəm ki, sizə qərar qəbul etmək üçün 3-5 dəqiqə vaxt verilib. Nə tapşırıq verilibsə, gedin müşavirəyə və qayıdanda oyunun nəticəsini elan edin ki, bu oyun da bitsin”.

Fərəc Kərimlinin bu sözlərindən sonra zaldakı iştirakçılar onu ayaqüstə alqışladılar. Hakimlər isə qərar qəbul etmək üçün müşavirəyə yolandılar. Fasilə zamanı təqsirləndirilən şəxsin qollarına qandal vurulması etiraza səbəb oldu.

Yarım saatlıq müşavirədən sonra ittiham hökmü elan olundu. Hakim hökmü elə astadan oxuyurdu ki, özündən başqa heç kəs eşitmirdi. Ona görə də proses iştirakçıları hakimə etiraz etdilər.

Fərəc Kərimli də, öz narazılığını bildirdi: “Mən kimdən neçə il cəza aldığımı öyrənməliyəm?”

Lakin hakim Şəkər Məmmədova heç bir etiraza məhəl qoymadan ittiham hökmünü astadan oxumağa davam etdi. Yalnız qərarın tam oxunmasından sonra məlum oldu ki, Fərəc Kərimli 6 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Proses iştirakçıları hakimə qərarla bağlı etirazlarını bildirdilər.

F.Kərimli hər kəsi möhkəm olmağa çağırdı. Bundan sonra zal tamam boşaldıldı.

Məhkəmədən sonra Müsavat başqanı Arif Hacılı onun müavininə verilən hökmlə bağlı mətbuata açıqlama verdi: “Fərəc Kərimli Azərbaycan gəncliyinin liderlərindən biridir. Azərbaycan hakimiyyətinin siyasətinə qarşı sosial şəbəkələrdə açıq çıxışlar edirdi. Onun və qardaşı Sirac Kərimlinin həbsi Müsavatın üzvü olmaları ilə bağlıdır. Azərbaycanda ümumiyyətlə, ədalət mühakiməsi mövcud deyil. Ona görə də məhkəmədən ədalətli qərar gözləmirdik. Biz bütün instansiya məhkəmələrini keçərək, Avropa Məhkəməsinə müraciət etmək niyyətindəyik. İqtidarın xalqa zidd siyasəti davam edir. Hazırda yüzdən artıq siyasi məhbus var. Hakimiyyət bu yolla cəmiyyəti susdurmaq istəyir. Lakin hesab edirəm ki, cəmiyyət bu cür haqsızlıqlara dözməyəcək. Hakimiyyətin siyasəti uğursuzluğa düçar olacaq”.

Fərəc Kərimlinin atası Raqif Kərimli də danışdı: “Fərəcə çox iş veriləcəyini gözləyirdim. Çünki səhvən həbs etdikləri digər oğlum Siraca 6 il cəza verdilər. Bu gün gözlənilən qərar verildi. Övladlarımın heç birinin hüquqları təmin olunmadı. Oğlanlarıma qarşı irəli sürülmüş narkotik ittihamı tamamilə şər-böhtandır. Onların siyasi fəaliyyətlərinə görə həbs olunduqlarını desəydilər, bu qədər mənə təsir etməzdi. Ailəmizə yaraşmayan ad qoydular. Hakimiyyətin xislətindən irəli gəlir”.

Vəkil Nemət Kərimli atacaqları addımlarla bağlı bunları dedi: “Məhkəmə özünə uyğun şəkildə qərar qəbul etdi. Heç bir sübut qiymətləndirilmədi. İttiham tərəfinin təqdim etdiklərinə uyğun hökm çıxardılar. Dəhşətli dərəcədə ziddiyyətlər var idi. Məhkəmə heç birinə hüququ qiymət vermədi. Yəni “köhnə hamam, köhnə tas…” Siyasi sifarişi yerinə yetirdilər. Konkret Azərbaycanda ittiham tərəfi nə yazırsa, onu həyata keçirirlər. Ardıcıllıqla instansiya məhkəmələrinə müraciət edəcəyik”.

Qeyd edək ki, Fərəc Kərimli ötən il iyulun 23-də həbs edilib. Onun həbsindən bir həftə əvvəl qardaşı Sirac Kərimli həbs olunub.

Kərimli qardaşları Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma) maddəsilə ittiham edilirlər.(musavat.com)

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button