son xəbər

Müstəqilliyin bərpa edilməsi

Azadlıq heç vaxt asan əldə edilməmişdir. Əsrlər boyu xalqlar öz müstəqilliklərini əldə etməyə çalışmış, əldə etdikdən sonra isə onu qoruyub saxlamaq üçün mübarizə aparmışlar.

Azərbaycan xalqı əsrlər boyu müəyyən çətinliklərlə üzləşmiş, böyük sınaqlardan keçmiş, ağır imtahanlar vermişdir. Amma heç bir çətinlik xalqımızın müstəqillik, “Azad Azərbaycan” qurmağa olan inancını öldürməmiş, əksinə yaranan hər çətinlik xalqımızı bir az daha gücləndirmişdir.

28.05.1918 ci il tarixinə qədər xalqımızın hər bir təbəqəsi, varlısı, kasıbı, yaşlısı, cavanı, uşağı, hər kəs sadəcə bir şey arzulayırdı: “müstəqil Azərbaycanın qurulması”. Təbii ki, müstəqillik əldə etmək elə də asan olmayacaqdı. Bu yola baş qoyan hər kəs bu yolun necə çətinliklərdən keçdiyini, yaxşı bilirdi. Amma heç bir çətinlik onları‐xalqımızı, ziyalılarımızı bu yoldan geri döndərə bilmirdi. Çünki onlar bu yola çıxarkən öz lüğətlərindən “qorxu” sözünü silmiş, onun yerinə “müstəqillik” kəlməsini yazmışdılar.

Böyük çətinliklərdən sonra xalqımızın azadlıq, müstəqillik xəyalı gerçək oldu. Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Bu Azərbaycan xalqı üçün əsl bayram idi. Amma hər kəs çox yaxşı bilirdi ki, əsl çətinliklər bundan sonra başlayacaq. Yenicə qurulmuş bir dövlətin öz müstəqilliyini digər dövlətlərə tanıtması elə də asan olmayacaqdı. Amma Azərbaycan ziyalıları öhdəsindən gəldikləri digər çətinliklər kimi bunun da öhdəsindən gəldilər və Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin böyük dövlətlər tərəfindən tanınmasına nail oldular. Bu xalqımız üçün böyük xoşbəxtlik idi. Amma bu xoşbəxtlik elə də uzun çəkmədi, çünki Azərbaycan kimi təbii sərvətlərlə zəngin olan bir ölkə digər dövlətlər üçün maraqlı idi. Odur ki, Azərbaycan Xalq Cümhuriyyəti SSRİ‐nin tərkibinə daxil oldu. Bu xalqımıza böyük zərbə oldu. Amma xalq hələ də azadlığını bərpa edəcəyinə inanırdı. Şairlərin, yazıçıların bu istəkləri əsərlərində özünü büruzə verirdi. Bunun nəticəsidir ki, onların bir çoxu ağır işgəncələrə məruz qalmış, sürgün edilmiş və sonda repressiya qurbanına çevrilmişlər.

Xalqımız 1948‐53‐cü illərdə, daha sonra isə 1988-ci ildə öz tarixi torpaqlarından Ermənistan tərəfindən deportasiya edildi. 1988‐ci ildən isə artıq Azərbaycan- Ermənistan münaqişəsi daha da böyüdü. Səbəbi isə erməni xalqının Azərbaycan torpaqlarına göz dikməsi, Ermənistanın tarixi torpaqlarımıza təcavüzkar yürüşləri idi.

Azad, müstəqil Azərbaycanın qurulmasını vacib edən böyük amillərdən biri də 20 Yanvar faciəsi oldu. Belə ki, 20 yanvar 1990‐cı il tarixində Azərbaycanda bərabəri olmayan qırğın törədildi. Xalq nə ilə üz‐üzə qaldığını anlamada atəşə tutulurdu. Artıq xalqımız müstəqilliyin zəruri olduğunu anlayırdı. Elə bununla da SSRİ‐ə olan inamsızlıq yerini daha da böyük nifrətə verdi. Xalq SSRİ-ə öz etirazını partiya biletlərini yandıraraq bildirdi. Artıq hər kəs heç nəyin əvvəlki kimi olmayacağını bilirdi.

15 Sentyabr 1990-cı ildə Azərbaycan SSRİ ali sovetinin növbədənkənar sessiyası çağırıldı. Bu sessiyada Azərbaycan SSR konstitusiyasına respublikanın sərhədlərinin yalnız ümumxalq referendum yolu ilə dəyişdirə bilməsini nəzərdə tutulan dəyişikliklər edilməsi, suverenlik, vətəndaşlıq və iqtisadi müstəqillik haqqında qanun layihələrinin geniş müzakirəyə verilməsi haqqında qərarlar qəbul etdi və həmin qanuna Azərbaycanın SSRİ tərkibindən çıxması haqqında bənd əlavə edildi.

Azərbaycan xalqı illərdir içində bir çiçək kimi böyütdüyü, əzizlədiyi azadlıq arzusuna çatdı. 18 oktyabr 1991‐ci ildə Azərbaycan SSRİ‐nin tərkibindən ayrıldı. Azərbaycan aradan uzun illər keçmiş olsa da, böyük itkilər vermiş olsa da öz müstəqilliyini yenidən bərpa etdi.

Tarixən böyük sınaqlardan çıxmış, böyük çətinliklərlə üzləşmiş xalqımız, ziyalılarımız bu yolun asan olmayacağını yaxşı bilirdilər. Onlar müstəqil dövlətin başında uzaqgörən bir liderin olmasının vacibliyini duyurdular. Eyni zamanda onlar xalq tərəfindən hakimiyyətə gətirilməyən rəhbərlərin öz mənafelərini xalqın mənafeyindən üstün tutacaqlarını anlayırdılar. Odur ki, prezident seçkiləri başladı, amma, ardıcıllıqla hakimiyyətə gələn prezidentlər doğru siyasət yeridə bilmədilər. Bu isə öz növbəsində xalqın narazılığına səbəb oldu. Çünki doğru siyasət aparılmaması mübarizəmizin nəticəsiz qalması, Azərbaycanın böyük dövlətlər arasında bölünməsinə belə gətirib çıxara bilərdi. Aparılan yanlış siyasət müstəqilliyimiz üçün təhlükə yaradırdı.

Azərbaycana vicdanlı, düzgün siyasət apara bilən bir rəhbər lazım idi. Xalq özünə lider olaraq vicdanlı, uzaqgörən, əsl vətən oğlu olan Heydər Əliyevi artıq çoxdan seçmişdi. Odur ki, 3 oktyabr 1993‐cü ildə ümumxalq səs verməsi nəticəsində Heydər Əliyev prezident seçildi. Və bununla da Azərbaycan üçün yeni səhvə açıldı. Artıq açılan yeni səhvədə işğallara, qırğınlara yer yox idi, çünki vətən artıq ona layiq olanın, onu həqiqətən sevənin, öz övladının himayəsində idi.

Azərbaycan öz müstəqilliyini asan, rahat əldə etməmişdi. Bu yol çox böyük ağrılardan keçmək məcburiyyətində idi. Ancaq doğru bir lider bu müstəqilliyi əbədi, daimi edə bilərdi.

Heydər Əliyev Azərbaycanda prezident seçildiyi dövr xalqımızın ağır sınaqlardan

keçdiyi dövr idi, amma o xalqa sahib çıxdı. Xalq da onun arxasınca addımladı.

Bu gün “Azərbaycan” adının qarşısında “müstəqil” sözünü işlədə biliriksə bu ardıcıl olaraq Heydər Əliyevin və onun yolunu uğurla davam etdirən İlham Əliyevin sayəsindədir. Onların uğurlu siyasəti nəticəsində Azərbaycan dünya üzrə tanınan, dünya ölkələrindən geri qalmayacaq dərəcədə inkişaf etmiş və özünü tanıtmış bir ölkədir.

Uğurlu siyasətin nəticəsidir ki, biz həm hərb sahəsində, həm də sülh sahəsində öz mövqeyimizi bütün dünyaya göstərmişik. İstər birinci, istərsə də ikinci Qarabağ müharibəsində olsun bizim xalqımız həm ön cəbhədə, həm də arxa cəbhədə öz mərdliyini, öz igidliyini dünyaya sübut etmişdir.

Əgər bu gün bizim döyüş taktikalarımız başqa ölkələrdə dərs olaraq keçilirsə, əgər bizim tariximizdə qələbə günü kimi qeyd etdiyimiz, tariximizə qızıl hərflərlə yazılan zəfərlərimiz varsa deməli bu bizim necə güclü bir dövlət, necə güclü, əzmli bir xalq olduğumuzun ən böyük nümunəsidir.

Qazandığımız zəfərlər, əldə etdiyimiz uğurlar bizi tarix səhnəsindən silmək istəyən, bizi tarixən əzmək istəyən dövlətlərə, xalqlara gücümüzü nümayiş etdirməyimiz deməkdir.

Müstəqilliyimizin əbədi olması diləyi ilə.

Bakı Slavyan Universiteti Məmmədova Elnarə

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button