son xəbər

Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup professor-müəllim heyətinin müraciəti

Son dövrlərdə bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşlarının və onun rəhbərliyinin fəaliyyətinə kölgə salan yalan və böhtan xarakterli yazılar yayımlanır. Biz, Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup professor-müəllim heyyəti adından bu yazılara öz münasibətimizi bildiririk.

İlk öncə onu qeyd etmək istəyirik ki, Azərbaycan Dövlət Aqrar Universiteti rektor İ.H.Cəfərovun rəhbərliyi altında özünün inkişaf yolunu keçir, artıq aqrar sahədə dünyəvi biliklərə malik yüksək ixtisaslı kadr hazırlığını həyata keçirir. Universitetdə yeni tələbə yataqxanası və tədris korpusu tikilərək istifadəyə verilmişdir. Bütün kafedralarda olan laborotoriyalar maddi-texniki bazanın yaxşılaşdırılması üçün yeni avadanlıqlarla təchiz olunmuşdur. Maşın-traktor parkı yaradılaraq  müasir  texnikalarla təmin olunmuş, quşçuluq, balıqçılıq, heyvandarlıq, istilikxana təsərrüfatları yaradılmış, tədris-təcrübə  təsərrüfatı yenidən qurulmuşdur. Mühəndislik fakultəsi üçün tədris emalatxanası yenidən tikilərək lazımi avadanlıqlarla təchiz edilmiş və tələbə-müəllim kollektivinin  istifadəsinə verilmişdir.

Ölkə başçısı İlham Əliyev yeni tikilmiş yataqxana və tədris korpusunun açılışında iştirak edərək universitetdə aparılmış işlər haqqında yüksək fikir söyləmişdir. Kənd Təsərrüfatı naziri  və ölkəmizdə yerləşən səfirliklərin, dünya bangının nümayəndələri dəfələrlə universitetdə olmuş, rəhbərliyin fəaliyyəti və görülən işlər haqqında xoş sözlər söyləmişlər. Universitetdə çalışan əməkdaşlar bunların şahidi olmuş və bu görüşlər kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.

Bu gün universitetdə yüksək ixtisaslı kadr hazırlığının həyata keçirilməsində də mühüm işlər həyata keçirilir. Tələbələrin nəzəri biliklərinin təcrübi baxımdan möhkəmləndirilməsi üçün onlar istehsalat prosesində iştirak edirlər. Bunun üçün universitet respublikamızda fəaliyyət göstərən ən qabaqcıl şirkət, firma və təsərrüfatlarla müqavilələr imzalamışdır.

Hal-hazırda universitet ikili diplom çərçivəsində Türkiyənin Ege universiteti ilə əməkdaşlıq edir. Ege universitetinin bir qrup professor-müəllim heyyəti Azərbaycan Dövlət Aqrar Universitetində tələbələrə laborotoriya, seminar və mühazirə dərsləri keçirlər.

Bildirmək istəyirik ki, yuxarıda qeyd olunanlar Azərbaycan Dövlət Aqrar Universitetində görülən işlərin kiçik bir qismini göstərir.

Bu gün universitetdə tam şəffaflıqdır. Bunu universitetdə təhsil alan tələbələr və onların valideyinləri də sosial şəbəkələrdə yazdıqları rəylərdə  təsdiq edirlər. Universitetdə imtahan sessiyası dövründə şəffaflığın izlənməsi üçün valideynlərlə görüşlər keçirilir, kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunur.

Azərbaycan Dövlət Aqrar Universitetinin bu cür inkişafında Ölkə Rəhbərliyinin diqqət və qayğısı ilə rektor İ.H.Cəfərovun böyük əməyi vardır. İbrahim Cəfərov bütün həyatını, elmi-pedaqoji fəaliyyətini universitetin inkişafına həsr etmişdir. İ.H.Cəfərov bu gün universitetdə rektor, əsl müəllim və alim kimi fəaliyyət göstərir. Onun rektorluq fəaliyyəti tələbə və professor-müəllim kollektivinin gözü qarşısındadır. Həmişə kollektiv içərisində olur, tələbələr və əməkdaşlar tərəfindən müraciətlər olduqda, həmin problem  yerində dinlənilərək həll olunur. Odur ki, İbrahim Cəfərov  tələbə və professor-müəllim kollektivinin sevimli rektoruna çevrilmişdir. Məhz bunun nəticəsidir ki, “Azərbaycan universitetləri” səhifəsinin  keçirdiyi rəy sorğusunda İbrahim Cəfərov dəfələrlə  “ilin rektoru” seçilmişdir. Onun müəllimliyi də göz qabağındadır. Hələ pandemiya dövründə belə universitetdə ilk onlayın dərsi özü keçmiş, keçdiyi bütün dərslər youtube platformasında yerləşdirilmişdir. Alim kimi fəlsəfə və elmlər doktorluğu proqramı üzrə doktorantlara rəhbərlik edir.

Son zamanlar bu cür inkişafı gözü götürməyən, şəffaflığa uyğunlaşa bilməyən bir qrup şəxslər universitet rəhbərliyi və əməkdaşları haqqında yalan və böhtan xarakterli yazıları anonim olaraq müxtəlif kütləvi informasiya vasitələrinə göndərirlər. Universitetin bütün kollektivi onsuz da anonim şəkildə göndərilən bu yazıların yalan və böhtan xarakterli olduğunu bilirlər.

Maraqlıdır, bəs bu anonim yazıları verən kimlərdir və onların məqsədləri nədir? Onların məqsədləri universitetdə keçirilən şəffaf seçkilərə kölgə salmaq, abırlı, layiqli  ziyalıları  şantaj və böhtan yolu ilə qorxutmaq və bu yolla universitet  rəhbərliyinə  təsir etməklə öz məkrli niyyətlərinə  nail olmaqdır. Universitetin fəaliyyətində heç bir əməyi olmayan, müxtəlif vaxtlarda fakültələrdə keçirilən seçkilərdə iştirak edərək səs toplaya bilməyən və sonradan bununla barışa bilməyən  “ziyalılardır”.

Hörmətli  mətbuat işçiləri, verilən yazıların yalan və böhtan xarakterli olmasını əməkdaşlarla apardığınız sorğulardanda müəyyən edə bilərsiniz.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button