son xəbər

GDU-da “Açıq Qapı” günü – ARAŞDIRMA

“Son dövrlərdə bəzi kütləvi informasiya vasitələrində Gəncə Dövlət Universitetinin rəhbərliyinin fəaliyyətinə kölgə salan yalan və böhtan xarakterli yazılar yayımlanır.

“Yalan ayaq tutar, amma yeriməz” demiş babalarımız. Bəli, yalan üzərində qurulmuş hər nə varsa, onun kimsəyə zərrə qədər faydası dəymir.

Söhbət Gəncə Dövlət Universitetinə qarşı yaradılmış şantajçı kompaniyadan gedir”. Bu barədə GDU-nun birq rup müəllimi adından edilən müraciətdə deyilir.

Müraciətdə daha sonra bildirilir: “Yalan danışmaq təkcə əxlaqi, mənəvi baxımdan deyil, eləcə də fiziki baxımdan insana zərər vurur. Şantajı və böhtanı özlərinə peşə seçənlər əsassız arqumentlərlə, yalan və böhtan tipli yazılarla çıxış edib Gəncə Dövlət Universitetinin və onun rəhbərliyinin fəaliyyətinə kölgə salmağa cəhd edirlər. Onlar hər dəfə çeynənmiş mövzuları təkrar-təkrar gündəmə gətirməklə Universitetin uğurlarına kölgə salmağa, universitet rəhbərliyini ləkələməyə çalışırlar. Saxta müraciət müəllifi düzəldən şantajçı və böhtançı bir qrup insanların məqsədi bu Universitetin nüfuzuna zərbə vurmaqdır. Bəzi saytlar da peşə davranış qaydalarını kobud şəkildə pozmaqla, materialı araşdırmamış, müraciət müəllifinin həqiqiliyini dəqiqləşdirməmiş, kütləvi informasiya vasitələri haqqında qanunun tələblərinə məhəl qoymadan bu anonim yazıları tirajlayırlar.

Danılmaz faktdır ki, Gəncə Dövlət Universitetinin nümunəvi fəaliyyəti, tədrisin keyfiyyəti, tədris ocağında yaradılmış şəffaf mühit yanlış informasiyalarla ləkə götürməz. Vaxtilə Azərbaycanın böyük mütəfəkkiri, milli mətbuatın banisi Həsən bəy Zərdabi yazırdı ki, mətbuat cəmiyyətin aynası olmalıdır. Təməli ali ideallar, sağlam və pak amallar üzərində qoyulmuş milli mətbuatımızın bugünkü fəaliyyəti isə tamam fərqli, həm də ürəkaçan olmayan mənzərə yaradır. Ölkədəki yüksək siyasi plüralizmin, demokratikləşmə prosesinin yaratdığı liberal mühitin nəticəsi kimi sayı rekord həddə çatmış sayt və xəbər portallarının heç də hamısı cəmiyyəti obyektiv informasiya ilə təmin etmək, insanları maarifləndirmək niyyətini qarşıya qoymamışdır.

GDU rəhbərliyinin dəvəti ilə jurnalistlər Gəncə Dövlət Universitetində oldu, bu ali təhsil ocağında keçirilən “açıq qapı” günündə imtahanların gedişi və yaradılmış ümumi şəraitlə yaxından tanış oldular.
Məlum oldu ki, iyunun 1-dən Gəncə Dövlət Universitetində təhsilin hər iki səviyyələrində əyani təhsil forması üzrə ixtisaslarda yaz imtahan sessiyası başlayıb. İmtahanlar yazılı, test, xüsusi qabiliyyət tələb edən ixtisaslarda qabiliyyət, Avropa İttifaqının ERASMUS+ proqramının Azərbaycan Universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişafı EQAC adlı layihəsi çərçivəsində icra olunacaq yeni kurrikulumun tətbiqi pilot layihəsi üzrə hazırlanan Biologiya müəllimliyi ixtisasında isə şifahi formada keçirilir.

İmtahan sessiyası başlayana qədər təlimata uyğun hazırlıq işləri yerinə yetirilmiş, imtahan otaqları ayrılmış, test imtahanlarının keçirilməsi üçün otaqlar kompüterlərlə təchiz edilmişdir. Tələbələrin semestr ərzində topladıqları ballar universitetin serverində elektron formada yerləşdirilmişdir.

Yazılı imtahanlar üçün 60 sual, test imtahanları üçün isə 300-500 sual hazırlanıb. Yazılı imtahan suallarının cavabları, eləcə də test suallarının cavabları düzgün cavablar “A” variantında göstərilmək şərtilə əvvəlcədən tələbələrə paylanılıb.

İmtahan sesiyasının mütəşəkkil keçirilməsi, müvafiq metodiki işlərin həyata keçirilməsi və imtahan sessiyasına nəzarət edilməsi məqsədilə Universitet üzrə “İmtahan mərkəzi” və imtahan zamanı ictimai nəzarətin həyata keçirilməsi, hesabatlılığın və şəffaflığın təmin edilməsi məqsədilə Gəncə şəhərinin Respublikada tanınmış ziyalılarından, elm xadimlərindən, millət vəkillərindən, KİV nümayəndələrindən, tələbələrin valideynlərindən və QHT üzvlərindən ibarət “İctimai nəzarət şurası” yaradılmışdır.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qaynar xətt” xidməti ilə əlaqə yaratmaq və imtahanlar zamanı baş vermiş neqativ hallar haqqında operativ məlumat ötürmək məqsədilə Universitet üzrə “İmtahan qərargahı” fəaliyyət göstərir.

Biz universitetdə yaradılmış obyektivliyin, şəffaflığın şahidiyik. Universitet rəhbərliyinin fəaliyyəti haqqında səslənən iddialar, ittihamlar öz təsdiqini heç bir zaman tapmayıb.
Lakin nədənsə bəzi kütləvi informasiya vasitələri usanmırlar, yorulmurlar, yenə də Gəncə Dövlət Universiteti haqqında ağ, qırmızı və boz yalanlar uydururlar. Axı nə baş verir? Nə üçün bu universitetin ünvanına bəzi saytlar tərəfindən sistemli və kampaniya şəklində qarayaxma aparılır? Bu suallara cavab hazırdır.
Bəzi xəbər portallarının araşdırma qrupu son vaxtlar yayılan məlumatları dəqiqləşdirib və xüsusən də keçirilən imtahanlar haqqında iddiaları aydınlaşdırıb. Məlum olub ki, GDU-da semestr imtahanları tam obyektiv şəkildə keçirilir. Yəni tələbə kompüterlə imtahan verir və imtahan nəticəsində topladığı balını dərhal bilir. Bu faktın özü kifayət edir ki, universitetdə imtahan zamanı neqativ hallar olmur. Lakin bəzi saytlar cəfəngiyyatı həqiqət kimi sırımağa çalışan bisavadlar öz faktsız şərləmələrini davam etdirirlər. Onlar bir gün GDU-da obyektiv jurnalist araşdırması aparsalar görərlər ki, imtahanlarda müəllim-tələbə təması yoxdur, köhnə qaydalar keçmişdə qalıb, hər bir tələbə biliyinə uyğun qiymət alır. Üstəlik, GDU-da tədrisin keyfiyyəti kifayət qədər yüksəkdir, müasir metodlarla dərslər keçirilir, müəllimlər təcrübəli və peşəkardırlar. Ona görə həm tələbələr, həm valideynlər razıdır, həm də müəllimlər öz tələbələrindən məmnundur.

Təkcə bəzi saytlar nədənsə həmişə narazıdır və guya GDU-da rüşvət var deyə əsassız, böhtan xarakterli iddiaları tirajlayırlar. Amma bir dəfə olsun belə hansısa tələbənin şikayətini, valideynin açıq məktubunu işıqlandırmayıblar. Çünki, belə bir fakt yoxdur, universitetdə tam şəffaf mühit yaradılıb. Çox təəssüf ki, ortaya sübut qoymadan, məhkəmə predmeti yaradan qərəzli məqalələr yayanlar olur və bununla GDU- nun imicinə zərbə vurulur.
Tələbələr və imtahandan onların çıxmasını gözləyən valideynlər təsdiq edirlər ki, şəffaflıq təmin olunub, heç bir neqativ hal yoxdur, bu isə məhz universitet rəhbərliyinin məqsədyönlü fəaliyyətinin nəticəsidir.

Bir daha bildiririk ki, Gəncə Dövlət Universiteti ilə bağlı bəzi kütləvi informasiya vasitələrində gedən yazılar reallığı əks etdirmir və universitetin işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. Saytlara dərc olunmaq ücün göndərilən, heç bir insanı və etik normalara sığmayan bu cür iftira və yalanlar naməlum anonim mənbənin marağı xatirinə virtual məkana yol tapmışdır.

Qoy bu yalan və böhtan xarakterli yazını yazanlar öz vicdanları və Allah qarşısında cavab versinlər”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button