son xəbər

“Qəlblərdə taxt quran Bəhruz Səfərəliyev” – əməkdar jurnalistin əməkdar həkim haqqında filmi

Həyat ilk dəfə qədəm qoyduğun torpaqdan, ömür məxsus olduğun şəcərənin davamından başlayır. Kimlər yaşadığı illər ərzində doğulub boya-başa çatdığı torpaqda iz qoya bilibsə, kimlər öz şəcərəsinin möhkəm bəndinə çevrilibsə, demək ömür mənasız və boşuna ötməyib. Elə yaşamaqla mövcud olmağın fərqi də bundadır. Əsl həyat yaşayanlar öz əməlləri ilə yaddaşlara “YAXŞI” kimi həkk olunur, mövcud olanlar isə unudulanlar statusunda heç bir yerdə izi görünməyərək tez yaddan çıxır.

Sözsüz ki, qəlblərdə taxt qurmaq hər insana nəsib olan səadət deyil. Çünki bu səadət asanlıqla qazanılmır, bu səadətə aparan yol rəvan deyil,  enişli-yoxuşludur, nahamardır, insandan iradə, güc, yurda, yurddaşlarına sevgi tələb edir. Bu baxımdan bu günlərdə 70 illik yubileyini qeyd edən Əməkdar həkim Bəhruz Səfəriliyev bütün varlığı ilə çətinliklərə sinə gərərək bu səadətin halalığını qazanıb. O, yaşadığı 7 onillikdə müstəqil Azərbaycanımızın gələcəyi, səhiyyəmizin inkişafı, Qarabağ savaşında qələbəmizin təminatı üçün bütün gücünü, bilik və bacarığını sərf edib, onun hər bir hüceyrəsində VƏTƏN adlı bir nida kök salıb. Elə əməkdar jurnalist Hikmət Xudiyevin ərsəyə gətirdiyi “Qəlblərdə taxt quran Bəhruz Səfərəliyev” filmi də əməkdar həkimin çətin və şərəfli həyatından bəhs edir. Bu film həm də  Azərbaycanın, xüsusilə də Qarabağın tarixinə bir səyahətdir. Belə ki, Hikmət Xudiyev filmdə Bəhruz Səfərəliyevin ulu babalarının Qarabağ xanlığındakı yüksək mövqelərini açıqlayaraq erməni millətçilərinin gerçək tariximizə kölgə saldığı  bir çox məqamlara böyük peşəkarlıqla aydınlıq gətirməyə nail olub. Filmin bir hissəsi 44 günlük Zəfər savaşından sonra işğaldan azad olunmuş Şuşada və Ağdamda çəkilib.

Bir ömür bir lentə sığışmaz, amma bir lentdə bir ömrün ən həssas məqamlarını seyr etmək mümkündür. Dəyərli oxucularımızı həmin məqamlarla tanış etmək üçün Hikmət Xudiyevin “Qəlblərdə taxt quran Bəhruz Səfərəliyev” filmini təqdim edirik.

İlham Cəmiloğlu

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button