İranın ali dini lideri Əli Xameneii X sosial şəbəkəsində İsraili təhdid edən paylaşım edib.
“Şər rejim cəzasını alacaq”, – o, açıqlamasında bildirib .
SAVASH.ORG xarici mediaya istinadla xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri də bəyanat yayıb. Bəyanatda deyilir:
“Dəməşqdəki konsulluğumuza edilən hücuma cavab olaraq, biz pilotsuz təyyarələr və raketlərdən istifadə etməklə işğal olunmuş Fələstindəki sionist rejimə qarşı hücuma başlayırıq”.
İsrailin Baş naziri Binyamin Netanyahu isə bunları deyib: “İsrail uzun illərdir ki, İrandan birbaşa hücum ehtimalına hazırlaşır və həm müdafiə, həm də hücumda hadisələrin istənilən inkişafına hazırdır”.
Ağ Ev həmçinin İranın İsrailə hava hücumu təşkil etdiyini təsdiqləyib. Bildirilib ki, ABŞ İranın təhdidləri fonunda İsraili dəstəkləyir. Prezident Co Bayden mütəmadi olaraq Yaxın Şərqdəki hadisələrlə bağlı məlumatlandırılır və onun administrasiyası israilli həmkarları ilə əlaqə saxlayır. ABŞ lideri Yaxın Şərqdəki vəziyyətlə bağlı Milli Təhlükəsizlik Şurasının üzvləri ilə təcili məsləhətləşmələr aparmaq niyyətindədir.
“Əl-Qahirə əl-İxbariyyə” telekanalı xəbər yayıb ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın pilotsuz təyyarələrini ələ keçirmək üçün artıq İraq və İordaniya səmasındadır.
Orxan HƏSƏNLİ,
SAVASH.ORG